“Lənkəran” sərhəd dəstəsində dini radikalizm mövzusunda tədbir keçirilib
14 aprel 2026, 15:44

Aprelin 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində “Dini radikalizmin mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin müdir müavini Anar Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə ucaldılmış abidənin ziyarət edilməsi ilə başlanıb.

Çıxışlar zamanı dini radikalizmin mahiyyəti, mənəvi və sosial nəticələri barədə məlumat verilib. Dinin siyasiləşdirilməsi və dindən istifadə cəhdlərinə diqqət çəkilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlər və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli- mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar.