Lənkəran-Astara bölgəsində dini radikalizm və ekstremizmlə mübarizəyə həsr olunan tədbirlər keçirilib
16 iyul 2026, 17:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə, eləcə də sağlam dini mühitin təşviqi istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

İyulun 15-də Lənkəran şəhəri Ə.Vahid küçəsində yerləşən “Cümə” məscidində “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Emin Həmidli və Səyyad Babakişiyev, dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizmin mahiyyəti, bu cərəyanların cəmiyyət üçün yaratdığı təhlükələr, onların yayılmasının qarşısının alınmasında maarifləndirmə fəaliyyətinin rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, dini radikal ideologiyalara qarşı mübarizədə milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənələrinin təbliği mühüm əhəmiyyət kəsb edir. Həmçinin iştirakçıların yad dini ideologiyaların təsirindən qorunmasının, cəmiyyətdə dini həmrəyliyin və sağlam dini mühitin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

İyulun 16-da isə Cəlilabad şəhəri “Cümə” məscidində “Radikalizm və ekstremizmlə mübarizədə dini icmaların rolu” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Cavidan Rəşidov və Həsən Hümbətov, dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda dini icmaların və din xadimlərinin sağlam dini dəyərlərin təbliği, milli-mənəvi dəyərlərin qorunması, dini həmrəyliyin möhkəmləndirilməsi, eləcə də radikalizm və ekstremizm meyillərinin qarşısının alınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Yad dini ideologiyaların təsirindən qorunmağın və dini maarifləndirmə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirlər iştirakçıları maraqlandıran sualların cavablandırılması və mövzular ətrafında fikir mübadiləsi ilə başa çatıb.