İyulun 17-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində “Konstitusiya və suverenlik ili: Möhtəşəm zəfərin davamı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi ilə Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Öncə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin əməkdaşı Cavid Məlikzadə və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, lakin şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, "Konstitusiya və suverenlik ili" çərçivəsində keçirilən bu cür tədbirlər ölkə vətəndaşları arasında hüquqi və siyasi maarifləndirmənin artırılmasına, dövlətçilik prinsiplərinin daha dərindən mənimsənilməsinə xidmət edir. Dini dəyərlərin dövlətçilik prinsipləri ilə vəhdətdə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.