Kürdəmirdə yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
19 avqust 2022, 08:03

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə "İslam dinində şəhidlik anlayışı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.  

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, hərbi hissənin şəxsi heyət üzrə zabiti Qorxmaz Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən bəhs olunub. Həmçinin İslamın Vətən sevgisi, şəhadət kimi məfhumlara münasibətindən danışılaraq hərbçilərin döyüş ruhunun qaldırılmasında mənəvi dəyərlərimizin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, qazilik və şəhidlik anlayışı məhz İslam dininə xas olan anlayışlardır. Yalnız bu dində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur.

Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.