Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Kürdəmir regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Zaur İsmayılov, regional “ASAN xidmət” mərkəzinin direktor müavini Nəcəf Məmmədov, eləcə də mərkəzin əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlarda sülh, tolerantlıq və multikultural dəyərlərin cəmiyyətin sabitliyinin və sosial həmrəyliyin təmin edilməsində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, Azərbaycan tarixən müxtəlif dinlərə və etnik qruplara mənsub insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı məkan kimi formalaşıb. Bu gün respublikamız dünya miqyasında tolerantlıq istiqamətdə aparılan siyasətdə seçilən, fərqlənən ölkələrdən biridir.