Kürdəmirdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda dəyirmi masa keçirilib
04 mart 2022, 09:06

Martın 4-də  Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən  yayındırmağın hüquqi və mənəvi  məsuliyyətləri” mövzusunda   dəyirmi masa keçirilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, Heydər Əliyev mərkəzinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları, M.Ə.Rəsulzadə adına Kürdəmir  şəhər 2 saylı orta məktəbin şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün normal şərait yaradılıb. Qadınların dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil olunması, idarəetmə və qərarların qəbul olunması prosesinə cəlb edilmələri üçün lazım olan bütün addımlar atılıb. Lakin bunlara baxmayaraq, kütləvi olmasa da, ayrı – ayrı bölgələrdə erkən nikahlar səbəbilə qızların təhsildən yayınması halları baş verir. Bütün bunların qarşısını almaq üçün kəndlərdə qızların təhsilə cəlb olunması istiqamətində işlərin aparıldığı və bu kimi maarifləndirici tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbirdə, eyni zamanda Kürdəmir şəhər “Cümə” məscidi dini icmasının sədri və din xadimi Aqil Əliyev tərəfindən “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda məruzə edilib, müzakirələr aparılıb.