Kürdəmirdə “Milli – mənəvi dəyərlərinə bağlı gənclik” mövzusunda tədbir keçirilib
04 fevral 2022, 08:28

Fevralın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Təhsil şöbəsi (TŞ) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli – mənəvi dəyərlərinə bağlı gənclik” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Vahid Sarıyev adına Şüşün kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, məktəbin direktoru Ələkbər Kərimov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlər və Azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir.

Qeyd olunub ki, böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil edir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.