Kürdəmirdə “Gənclik və milli–mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib
15 fevral 2022, 02:14

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Təhsil şöbəsi (TŞ) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənclik və milli–mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, məktəbin direktoru İlham Salmanov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı gəncliyin milli köklərə bağlı, əxlaqi dəyərlərə sadiq bir ruhda tərbiyə olunmağının vacibliyi diqqətə çatdırılıb. Natiqlər gənclərin milli-mənəvi dəyərləri daha dərindən öyrənmələrinin əhəmiyyətini vurğulayıblar. Bu dəyərlər sistemində özünəməxsus yeri olan vətənpərvərlik hissinin mahiyyətindən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.