Yanvarın 14-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi (DQİDK) və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi uğrunda öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlar zamanı qeyd olunub ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini nümayiş etdirib. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.
Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyətinin açıqlandığını qeyd ediblər.
Tədbirin yekununda iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən video-çarxları nümayiş ediblər.