İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanın dini memarlıq inciləri” adlı seminar baş tutub.
Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Altay İslamzadə, baş elmi işçisi Aytən Şeydayeva, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin baş mütəxəssisi Nəsrulla Məmmədov, eləcə də mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışçılar tarixi və dini abidələrin milli kimliyimizin, keçmişimizin və gələcəyimizin bünövrəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, işğal dövründə mənfur qonşularımızın Qarabağdakı tarixi-dini abidələrimizi məhv etmək cəhdləri məhz xalqımızın köklü irsini silmək məqsədi daşıyıb.
Seminarda Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə şəhərsalma və memarlıq abidələrinin qorunması, bərpası istiqamətində gördüyü mühüm işlərə diqqət çəkilib. Bildirilib ki, bu strategiya hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra azad edilmiş ərazilərdə, xüsusilə mədəniyyət paytaxtımız Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, dağıdılmış məscid və abidələrin yenidən dirçəldilməsi dövlətimizin milli irsimizə verdiyi yüksək dəyərin bariz nümunəsidir.