Ktişvəng monastırı Tağlar kəndinin qarşısındakı yüksəklikdə Toxasar dağının şimal-şərq ətəyində yerləşir. Quruçayın sağ sahilində sıx meşəlik ərazidə ucaldılmış monastır XIII əsrə aid tarixi abidədir. Lakin XIX əsrdə monastırın içində daha qədim kilsə qalıqlarının aşkar edilməsi abidənin daha qədim dövrdə inşa edildiyini söyləməyə əsas verir. Kilsənin divarlarına hörülmüş ornamentli xaçdaşlardan biri üzərində 1000-ci il tarixi göstərilmişdir. Bu, dövrümüzə çatmış monastırın yerində vaxtilə daha qədim bir kilsənin olmasını göstərir.
XIII əsrdə yeni tikililər və əlavələr hesabına Ktişvəng monastırı da genişlənir. XI-XIV əsrlər alban xristian mədəniyyətinin yüksələrək yeni çiçəklənmə mərhələsinə keçməsilə Alban memarlığında da yeni bir dövr başlanmışdı. Məhz bu mərhələdə, xüsusilə də XIII əsrdən etibarən Azərbaycanın memarlıq xəzinəsinə daxil olan çoxlu sayda alban abidələri yaranmışdır. Bu dövrdə Xaçın knyazlığının yüksəldiyi Qarabağda alban knyazları sarayların, müdafiə və dini qurğuların tikintisi ilə yanaşı, monastırların tikilməsinə də çoxlu vəsait
sərf edirdilər. Bu komplekslər ayrı- ayrı vilayətlərin mədəni və ictimai həyatının mərkəzinə çevrilirdi. Ktişvəng monastırı XIII əsrdə belə dini siyasi mərkəzlərdən birinə çevrilmişdi. Ktişvəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Kalankatuklunın əsərində Ktişvəng monastırının adı çəkilmişdir. Monastır ərazisində bir neçə kitabə aşkar edilmişdir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar bölgənin orta əsrlər dövrü ilə bağlı əhəmiyyətli məlumatlar verir. Kitabələr erkən monastır tikililərinin ərəblərin Azərbaycanı işğal etməsindən sonra dağıdıldığından xəbər verir. Monastır ərazisindəki kitabələrdən birində monastırın XIII əsrdə ölkənin agır fəlakətlə üzləşdiyi monqol işğalları dövründə inşa olunmasından bəhs olunur. İnşaat işləri 1241-ci ildə başlamış, 1248-ci ildə tamamlanmışdır. Monastırın şimal divarında Yepiskop Sarkisin 1241-ci ildə bu kilsənin əsasını qoymasından bəhs edilir. Kitabədən kilsə tikintisinin 1248 də başa çatdığı məlum olur. Kitabədə oxatanlar qəbiləsi adlandırılan monqolların monastırlara vurduğu ziyandan da bəhs edilr. Kilsə binasının şimal divarındakı kitabə mətnindən məlum olur ki, Amaras monastırının dağıdılmasından sonra orada xidmət etmiş iki yepiskop qardaşlar Ktişvəng monastırına köçmüş və dağıdılmış köhnə kilsənin təməlləri əsasında monastırın kafedral kilsəsini tikdirmişlər. Kitabədə bu hadisələrlə baglı yazılır: “Kilsə oxçular qəbiləsinin (monqollar nəzərdə tutulur) bütün ölkəni xarabalıqlara çevirdiyi və Amarası da dağıtdığı çətin bir vaxtda inşa edilmişdir.”
Monastırın giriş qapısının sağ və sol tərəfində biri cənubda 1246-ci ilə, digəri şimalda1717-ci ilə aid iki bədii ornamentli xaçdaş olmuşdur. 1246-ci ilə aid xaçdaş monastırın keşişinin şərəfinə ucalıdlmışdı. 1717-ci ilə aid xaçdaş kitabəsinin mətnindən kilsə günbəzinin Tuğ sakini Sayə və xanımı Heriknazın xatirəsinə ucaldıldığı məlum olur.
Monastır kompleksində bir neçə yepiskop və alban feodallarının qəbir daşı var. Monastırın kitabələrindən birindən məlum olur ki, Ktişvəng monastırına Məlik Yeqanın xeyir duası ilə yepiskop təyin edilmişdir. Kitabə 1747-ci ilə aiddir. Kitabədən monastırdakı qəbir daşının kilsə keşişinə aid olduğu anlaşılır.
Monastır ərazisindəki kitabələrdə həmçinin kilsəyə bagışlanan torpaqlardan bəhs olunur. Kitabələrdə kilsənin inşa tarixi və kompleksin bərpası ilə bağlı ətraflı məlumatla yanaşı, Dizaq məliklərinin varislərinin monastıra bağışladığı torpaq mülkləri haqqında məlumat verilir: “Alban çayından başlayaraq Araz çayına kimi uzanan ərazilərdə, Həkəri (Zəngilan), Beyləqan, Dizaq kimi bir çox ərazilərdə olan mülklərdən bəhs edilir. Kitabənin sonunda Tuğ, Möhrənis, Axullu kəndlərinin də monastır torpaqlarına aid olduğu yazılır. Lakin XIX əsrdə monastır torpaqları tamamilə qarət edilib dağıdılmışdır. Müəllif təəsüf hissi ilə yazır ki, bu möhtəşəm monastır tədricən dağılır, monastıra məxsus olan torpaqlar tamamilə qarət edilmişdir. Kompleksin əsas elementi kafedral kilsədir. Xaricdən 10x7.5 metr ölçüyə malik düzbucaqlı, daxildən isə mərkəzi günbəzli tikili, qoşa divar pilonları və yarımdairəvi apsidanın hər iki tərəfində yerləşən iki mərtəbəli otaqlara malikdir. Otaqların ikinci mərtəbəsinə girişlər daş pilləkənlərin apardığı apsidadan açılır. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. Kafedralın fasadları qoşa üçbucaqlı nişlərlə bəzədilmişdir. Pəncərə yerləri naxışlarla bəzədilmiş düzbucaqlı çərçivəyə malikdir. Kilsənin divarları həm xaricdən, həm də daxildən kifayət qədər sadə görünüşə malikdir. Kilsə ilkin görünüşünü dövrümüzə qədər saxlaya bilmişdir. Kilsənin memarlığındakı dekorativ motivlərin bir qismi Amaras monastırı və Gəncəsər monastırındakı motivlərlə oxşarlıq təşkil edir.
Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Kilsənin divarlarında qırmızı kərpiclə hörgü işləri müşahidə olunur ki, bu da XVII əsrdə həyata keçirilmiş bərpanın nəticəsidir. Monastır ərazisində kilsə binasından başqa tikillilər də var. Kilsə binasına bitişik böyük narteks, Makar Barxudaryanın fikrincə, kilsə binasından daha qədimdir. Kifayət qədər geniş olan narteksin şimal tərəfində ucaldılmış sütunlar əlavə həcm yaratmaqla yanaşı, həm də narteksin daxili həcmini genişləndirmişdir. Əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud yonulmuş bazalt daşlarından tikilmiş və tağ-tavanla örtülmüş narteks yalnız toplantı yeri olmamış, həm də türbə kimi istifadə edilmişdir. Narteksin döşəməsi monastırda xidmət etmiş din xadimləri və bir neçə yerli məliyin məzar daşları ilə örtülmüşdür. İncə oyma naxışlarla bəzədilmiş məzar daşlarının hər biri üzərində həm də kitabələr vardır. Bir neçə məzar daşı isə kilsənin içində yerləşir.
Şimaldan kilsə və narteksə daha kiçik ölçülü bir kilsə binası da birləşir. Düzbucaqlı plan və altara malik birnefli zal kilsəsinin üstü çatma tağla örtülmüşdür. Kilsə narteks ilə cənub çıxışı vasitəsiylə əlaqələndirilmişdir. Buna görə də kompleksə daxil olan hər iki kilsənin narteksi ümumidir.
Kompleksin qərb tərəfində yaşayış binaları və kompleksi əhatə edən qala divarlarının qalıqları dövrümüzə çatmışdır. Monastır ətrafında yerləşən qəbirstanlıq illər ərzində baxımsız qaldığından torpaq altına batmış və yalnız məzar daşlarının yuxarı hissələri görünməkdədir. Monastır ərazisində cox sayda ornamentli xaçdaşlar da olmuşdur. Bunların bir çoxundan kilsə divarlarının hörgüsündə də istifadə edilmişdir.
Kilsənin divarlarına hörülmüş belə xaçdaşlardan birinin üzərində 1000-ci il tarixi yazılmışdı. Monastır ərazisində səpələnmiş zəngin bədii ornamentli çoxsaylı xaçdaşların ən qədimi IX əsrə, ən yenisi isə XIX əsrin əvvəllərinə aiddir. Bu məlumat 1828-ci ildən etibarən zəngin alban irsinə xas xaçdaşların artıq hazırlanmadığını göstərir.
Ktişvəng monastırındakı xaçdaşlar arasında öz incə naxışları və yüksək bədii tərtibatı ilə seçilən, kafedral kilsənin giriş qapısının sağ və sol tərəflərində yerləşdirilmiş xaçdaşlar olmuşdur. Hazırda bu xaçdaşlar kilsə ərzisində yoxdur. Onlardan biri hələ SSRİ dövründə monastır ərazisindən götürülərək Ermənistana, Eçmiədzinə aparılmışdır və hazırda Eçmiədzin kilsəsində sərgilənir.
2007-ci ildə erməni falsifikatorları tərəfindən Ktişvəng monastırında tarixi abidələrin bərpa qaydalarına uyğun olmayan təmir işləri aparılmışdır. Abidənin memarlıq quruluşunda qeyri-qanuni dəyişiklik edilib. Həmçinin abidənin üzərindəki kitabələr çıxarılaraq Ermənistana – Matenadaran muzeyinə daşınmışdır.