Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur
28 oktyabr 2026, 16:51

İsveç kimi dövlətlərdə həm ölkə daxilində dinlərarası dialoq təşəbbüsləri, həm də beynəlxalq təşəbbüslər xristianlarla müsəlmanlar arasındakı münasibətlərə də diqqət yetirməlidir. Azərbaycan və Mərkəzi Asiya ölkələri bu istiqamətdə bizim müttəfiqlərimiz olmalıdırlar. Çünki müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq, dini radikallaşmanın qarşısını almaq və radikallaşmadan uzaqlaşdırma tədbirlərini həyata keçirmək məsələlərində ortaq maraqlarımız mövcuddur. Bu maraqlar əməkdaşlığımızı gücləndirə bilər.

Bunu İsveçin Dinlərarası və Mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Kristian Kamill oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada interaktiv müzakirədə çıxış edərkən deyib.

"İslamofobiya, homofobiya və antisemitizm kimi ayrı-seçkilik formalarına qarşı mübarizədən danışarkən bu məsələləri həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həll etməliyik.

Bu yanaşma İsveç cəmiyyətində mövcud olan reallığı da əks etdirir: İslam və müsəlman ənənələri, yəhudilik və yəhudi ənənələri bizim üçün yad və düşmən anlayışlar deyil. Onlar artıq İsveç cəmiyyətinin ayrılmaz və dəyərli hissəsinə çevrilib və bu gün də belədir", - deyə o əlavə edib.

 

AZƏRTAC