Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi ilə birlikdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə onlayn tədbir keçirib.
Tədbirdə "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov, Dövlət Komitəsinin Mərkəzi Aparatının və regional bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində formalaşmış təcrübə, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetləri və qəbul edilmiş strateji sənədlər barədə ətraflı məlumat verib. O, həmçinin korrupsiyanın mahiyyəti, qarşısının alınması üçün görülən tədbirlər və korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən işlərin statistik göstəricilərinə toxunub.
Videokonfrans zamanı Dövlət Komitəsinin Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu istiqamətdə şəffaflığın təmin edilməsi, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş cəmiyyətinin ictimai nəzarət prosesində iştirakının genişləndirilməsi, eləcə də dövlət idarəçiliyində müasir və effektiv mexanizmlərin tətbiqinin vacibliyindən bəhs edib.
Çıxışlarda 2022–2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planının korrupsiyaya qarşı mübarizənin müxtəlif istiqamətlərini vahid strategiya çərçivəsində əlaqələndirdiyi, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyətin inkişafına zəmin yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu sahədə davamlı nəticələrin əldə olunması üçün aidiyyəti qurumların birgə fəaliyyəti, təcrübə mübadiləsi və ictimai iştirakçılığın təşviqi xüsusi önəm kəsb edir.
Tədbirin sonunda korrupsiyaya qarşı mübarizədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və bu istiqamətdə mütəmadi müzakirələrin aparılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci və 6.9-cu bəndlərində nəzərdə tutulmuş vəzifələrin icrası çərçivəsində keçirilmişdir.