“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
26 may 2025, 08:20

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Nuru İmanov, Nəsimi Rayon İcra Hakmiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Nurlan Vəliyev, məktəbin direktoru Əzizə Abasova, müəllim və şagirdlər iştirak ediblər. 
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum gününə təsadüf edən tədbirdə qəhrəmanımızın keçdiyi döyüş yolundan söz açılıb və igidliyindən bəhs edən bədii kompozisiya nümayiş etdirilib. Daha sonra çıxış edənlər bildiriblər ki,  2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisədir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən idi.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu qələbələr ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoyub.