Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 18-də Nərimanov rayon “Cümə” məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri ölkəmizdə mövcud dövlət-din münasibətləri modelinin nümunəvi xarakter daşıdığını vurğulayaraq, milli-mənəvi dəyərlərin, o cümlədən tolerantlıq ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasətin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda onlarla məscid, dini məbəd inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu böyük töhfələr verir.
Ramin Məmmədov qeyd edib ki, bu məsciddə də aparılan əsaslı təmir və yenidənqurma işləri Azərbaycanda İslam dininə, onun dəyərlərinə göstərilən hörmət və qayğının nümunələrindən biridir. Komitə sədri dini-ideoloji sahədə mövcud tendensiyalara diqqət çəkərək, din xadimlərini cəmiyyətimizdə vəhdət prinsiplərinin inkişafı və qorunmasında xüsusi fəallıq nümayiş etdirməyə çağırıb.
Din xadimləri dini tolerantlıq, birgəyaşayışı təşviq edən mühitin formalaşması istiqamətində aparılan siyasətin cəmiyyətimizdə din və dövləti birləşdirən sağlam münasibətlərin inkişafına xidmət etdiyini vurğulayıblar. Dövlətimizin dini sahəyə göstərdiyi qayğı üçün minnətdarlıqlarını ifadə ediblər.