Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da Lerik şəhər Cümə məscidini ziyarət edib.
Komitə sədri məsciddə fəaliyyət göstərən dini icmanın üzvləri ilə görüşüb. Söhbət zamanı dini qurumların yerli ictimai mühitdəki rolu, din xadimlərinin cəmiyyətdə sağlam mənəvi atmosferin formalaşdırılmasına dəstəyi və bu sahədəki fəaliyyətin müasir dövrün çağırışları fonunda əhəmiyyəti müzakirə olunub.
Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini etiqad azadlığının təmin olunması, icmaların fəaliyyətinin dəstəklənməsi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Vurğulanıb ki, dini qurumlar cəmiyyətin mənəvi həyatının ayrılmaz hissəsi olmaqla yanaşı, insanları ortaq dəyərlər ətrafında birləşdirən və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verən mühüm təsisatlardır.
Görüşdə, həmçinin dini sahədəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və müraciətlər dinlənilib.