Komitə sədri İğdırda Aİİ-də təhsil alan tələbənin ailəsini ziyarət edib
06 mart 2026, 13:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi Türkiyəyə səfər çərçivəsində İğdır şəhərində Azərbaycan İlahiyyat İnstitutunun magistrantı İsmail Yavuzun ailəsini ziyarət edib.

Görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdə dini təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar, Azərbaycan İlahiyyat İnstitutunda formalaşdırılmış müasir tədris mühiti və tələbələr üçün yaradılan şərait barədə danışıb. O, Aİİ-də milli-mənəvi dəyərlərlə uzlaşdırılmış təhsil modelinin peşəkar din xadimlərinin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. Dini təhsilin keyfiyyətinin yüksəldilməsinin sağlam dini mühitin və kadr bazasının formalaşdırılması baxımından vacib olduğunu qeyd edib.

Tələbənin valideynləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində tələbələr üçün yaradılmış geniş imkanlara görə minnətdarlıqlarını ifadə ediblər.