Komitə sədri Aİİ tələbəsinin ailəsini ziyarət edib
26 noyabr 2026, 12:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələri ilə görüşlər davam edir.

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və ali təhsil müəsssisəsinin rəhbər heyəti Bakıda İnstitutun İslamşünaslıq ixtisasının I kurs tələbəsi Mirxəlil Kazımzadənin ailəsini ziyarət ediblər.

Ramin Məmmədov gənclərin təhsilinə, dünyagörüşünün formalaşmasına və mənəvi inkişafına göstərilən diqqətin cəmiyyətin gələcəyinə qoyulan mühüm sərmayə olduğunu bildirib. Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənc nəslin hərtərəfli inkişafı, keyfiyyətli təhsillə təmin olunması, milli-mənəvi dəyərlərə bağlı və müasir dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsi prioritet istiqamətlərdəndir. Bu siyasətin mühüm tərkib hissəsi olan dini təhsil sahəsində də yüksəkixtisaslı kadrların hazırlanması, sağlam dini düşüncənin təşviqi xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri bu sahədə təhsil alan gənclərin dini bilikləri dərindən mənimsəməklə yanaşı, sağlam dini düşüncənin, humanist dəyərlərin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin daşıyıcıları kimi yetişmələrinin vacibliyini diqqətə çatdırıb.

Ramin Məmmədov, həmçinin tələbələrin yetişməsində ailənin roluna toxunaraq, təhsil müəssisəsi ilə ailə arasında qarşılıqlı etimad və əməkdaşlığın gənclərin inkişafına, onların gələcək hədəflərinə doğru inamla irəliləməsinə mühüm töhfə verdiyini söyləyib.

Mirxəlil Kazımzadənin ailə üzvləri göstərilən diqqətə və səmimi münasibətə, o cümlədən övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.