Kilsəkənd məbədi, Qasımlar kəndi
02 aprel 2021, 08:28

Dağətəyi ərazidə yerləşən Qasımlar kəndi qədim alban kilsəsinin yaxınlığında salındığına görə vaxtilə Kilsəkənd adlandırılmışdı. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə kənd sonralar Qasımlar adlanmağa başlayır. Kənddəki qədim alban kilsəsi XX əsrin 80-ci illərinə qədər son alban xristian nəsillərindən olan udilərin ildə bir dəfə Qəbələdən ziyarətə gəldikləri ibadət yeri olmuşdur. Kənddəki bu qədim alban məbədi Qəbələnin Nic kəndində yaşayan udilərin ziyarət yeri idi. Kənd sakininə görə, udilər ildə bir dəfə kənddəki alban məbədini ziyarətə gələr, burada bir neçə gün qalıb ibadət edərdilər. Kənddəki bu qədim alban məbədi kiçik sovmə formasındadır. Məbədin yarımdairəvi girişi üç xaçdaşla düzbucaqlı qapı formasına salınmışdı. İki xaçdaş şaquli, üçüncüsü isə atma şəklində üfüqi vəziyyətdə qoyulmuşdu. Xaçdaşların üçü də alban kanonlarnı əks etdirirdi. Onların həm öz aralarında, həm də Kəlbəcər rayonu ərazisində tədqiq edilmiş digər xaç daşlarla oxşarlığı var idi. Xüsusilə baştağın sol tərəfində qoyulmuş xaçdaş diqqəti cəlb edir, simmetrik yerləşmiş yan zoğlar arasından həyat ağacı şəklində xaç yüksəlir. Xaçvari şəkildə yerləşərək çiçəklərlə qurtaran dörd zoğ xaçın (məhsuldarlıq rəmzi) nəbatat traktovkasını nəzərə çarpdırır. Xaçın üstündən meandr kəməri, onun da üstündən stellanın obrazını tamamlayan ikinci bir kəmər keçirdi. Bu kəmərin ortasında meyvəli budaqlarla əhatə olunmuş üç müqəddəs haça yerləşirdi. Lakin Qarabağın Erməni silahlı qüvvələri tərəfindən 1992-2020-ci illər boyu işğal altında qaldığı müddətdə Qasımlar kəndindəki bu alban məbədi də vandalizm aktlarına məruz qalmışdır. Kilsədəki alban xaçdaşları oğurlanaraq yeni saxta xaçdaşlarla əvəzlənmişdir.