İsveç Krallığının Uppsala şəhərində fəaliyyət göstərən “Həyat sözü” Beynəlxalq Kilsəsinin rəhbəri Kristian Okerhelmin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) sədr müavini Səyavuş Heydərov 2-6 oktyabr tarixlərində İsveç Krallığına səfəri çərçivəsində paytaxt Stokholm və Uppsala şəhərlərində bir sıra müvafiq dövlət və qeyri-dövlət qurumlarında, həmçinin dini icmalarla səmərəli görüşlər keçirib.
Səfər çərçivəsində keçirilən faydalı görüşlərdən biri Uppsala bələdiyyəsinin komissarı Conas Seqersam, Mərkəzi İsveç Bölgəsinin Baş Komissarı Ceyl Poljarevius ilə baş tutub. Görüş zamanı C.Seqersam və C.Poljarevius Qurani-Kərimin təhqir olunmasını pisləyərək, bu xoşagəlməz hadisənin cəmiyyətdə qarşıdurmaların, dinlərarası münaqişələrin yaranmasına səbəb olduğu, həmçinin milli təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıblar. Eyni zamanda Azərbaycandakı nümunəvi dinlərarası harmoniyanın əhəmiyyətini qeyd edərək İsveç hökumətinin “Quran yandırma” aksiyalarını dayandırmaq üçün qanuna dəyişiklik edilməsi məsələsini müzakirə etdiyini bildiriblər.
Səfər zamanı Səyavuş Heydərov və nümayəndə heyətinin digər üzvü “Həyat sözü” Xristian dini icmasının sədri Yusif Fərhadov Uppsaladakı Bibliya məktəbində tələbələrlə görüşüblər. Görüşdə tələbələrə Azərbaycanda mövcud dövlət-din münasibətləri, xüsusilə dini etiqad azadlığının təmin edilməsi barədə ətraflı məlumat verilib. Ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşamasından bəhs edən “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” adlı sənədli film nümayiş olunub. Auditoriya tərəfindən böyük marağa səbəb olan filmin nümayişindən sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.
İsveç səfərində əsas diqqətçəkən məqamlardan biri də nümayəndə heyətinin Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədovla birgə Parlamentdə Xristian Demokratlar partiyasından olan deputatlar Mikael Oskarson və Hans Eklindlə keçirilən görüşü olub.
Səfir öz çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı uğurlu daxili və xarici siyasətin prioritet istiqamətləri, xüsusən İkinci Qarabağ müharibəsindən sonra davam etdirilən konstruktiv siyasət barədə məlumat verib, eləcə də 24 saatdan az müddətdə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri, dövlətimiz tərəfindən Qarabağın erməni sakinlərinin hüquqlarının təmin edilməsi, onların reinteqrasiyası, göstərilən humanitar yardımları qeyd edib, artıq orada xidmətlərin göstərildiyini, müvafiq qeydiyyat proseslərinin başladığını diqqətə çatdırıb. Səfir, həmçinin Ermənistanın “Azərbaycanın etnik təmizləmə və soyqırımı aktı törətmək niyyətində olması” barədə absurd fikirlərinin heç bir əsasının olmadığını faktlarla şərh edib, ölkəmizin tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almadığını vurğulayıb.
S.Heydərov milli təhlükəsizliyimizin və sabitliyimizin təminatı kimi Azərbaycanda formalaşmış birgəyaşayış ənənəsindən danışıb. O, bildirib ki, ölkədə mövcud olan tolerant və multikultural mühitin daha da möhkəmlənməsinə xüsusi həssaslıqla yanaşan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ənənəni daha da inkişaf etdirərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Komitə rəsmisi 44 günlük Vətən müharibəsində, eləcə də Qarabağda həyata keçirilən son lokal antiterror hərbi əməliyyatlarda Azərbaycan xalqının bütün dünyaya birlik, həmrəylik nümunəsi nümayiş etdirdiyini qeyd edib. Həmçinin azad edilmiş ərazilərdə mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin bərpa və yenidən qurulduğuna diqqət çəkib. Ölkəmizdəki tolerant və birgəyaşayış reallıqlar barədə çoxsaylı nümunələri diqqətə çatdıran sədr müavini Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransda Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin çıxışını xüsusilə vurğulayıb. Fransanın böyük ravvini Haim Korsianın “Biz evdə yəhudi, bayırda isə fransız olmalıyıq” fikrinə onun “Amma Azərbaycanda belə deyil. Biz bayırda da yəhudiyik, içəridə də yəhudiyik. Biz bayırda da bu kipa ilə gəzirik, içəridə də.” - cavabını xatırladıb.
Bakıdakı “Həyat sözü” Xristian dini icmasının sədri Yusif Fərhadov da görüşdə çıxış edərək ölkəmizdəki qeyri-islam, xüsusilə Xristian icmalarının sərbəst fəaliyyəti, onlara dövlət tərəfindən göstərilən maddi və mənəvi dəstək barədə ətraflı məlumat verib.
Təəssüfedici haldır ki, Azərbaycan həqiqətləri haqqında səmərəli müzakirələrin aparıldığı səmimi şəraitdə keçən görüşdən sonra ermənipərəst qüvvələrin təzyiqi ilə İsveç mətbuatında habelə, sosial şəbəkə platformalarında qərəzli məlumatlar yayımlandı. Bu da bir daha onu sübut edir ki, azərbaycanofob, qərəzli, ikili standartlara əsaslanan yanaşmalar səngimir, ermənipərəst qüvvələr hər vəchlə məkrli niyyətlərini reallaşdırmağa çalışır. Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri tərəfindən də Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib.
Danılmaz faktdır ki, İsveç krallığındakı Səfirliyimizin timsalında beynəlxalq platformada Azərbaycan maraqlarının təşviqi üçün ictimai diplomatiyanın imkanlarından geniş şəkildə istifadə edilir. Zaur Əhmədovun rəhbərliyi ilə Səfirlik əməkdaşları Azərbaycana qarşı qarayaxma yazılarına imza atan Rasmus Canback və onun kimi erməni lobbisindən qidalanan onlarla jurnalist, deputat, ictimai fəallara qarşı informasiya müharibəsinin aparılmasında, onların Azərbaycana qarşı çıxışlarının zərərsizləşdirilməsi istiqamətində yüksək peşəkarlıqla fəaliyyət göstərir, fədakar əmək sərf edir.
Ümumiyyətlə, İsveç səfərini məhsuldar hesab etmək olar. Belə ki, görüşlərdə, yerli mətbuata verilən müsahibələrdə multikulturalizmin və birgəyaşayışın Azərbaycan modeli ictimaiyyətə təqdim olunub, o cümlədən tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib.