Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Məhəmmədiyyə” məscidinin imamı Faiq Soltanov, müəllim və gənclər iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışıblar. Qeyd olunub ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycanda ailə institutu özünün sosial təyinatını, milli-mənəvi missiyasını tam və daha dolğun şəkildə qoruyub saxlamaqdadır. Diqqətə çatdırılıb ki, ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir.