İyunun 18-də İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin əməkdaşı Bəhruz Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri - Qaya Xalıqov və Vasif Teymurov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Daha bir tədbir Zərdabda baş tutub. Dövlət Komitəsinin Göyçay regional bölməsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məhərrəmlik: keçmişdən günümüzə” mövzusunda keçirilən tədbirə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, İcra Hakimiyyətinin əməkdaşı Murad Həsənov, dini icma sədrləri və din xadimləri qatılıblar.
Çıxışlarda Məhərrəmlik mərasimlərinin hüquqi çərçivədə keçirilməsinin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, mərasimlərin sağlam və hüquqi əsaslarla təşkili həm dini dəyərlərin qorunması, həm də ictimai təhlükəsizliyin təmin olunması baxımından vacibdir.
Sonda tövsiyə və təkliflər səsləndirilib.