Aprelin 2-də İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ruhunun və mübarizə əzminin nümayişi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Vasif Teymurov, həmçinin şəhid ailələrinin üzvləri, qazilər, gənclər və din xadimləri iştirak ediblər.
***
Qusar rayonu Kuzunqışlaq kəndində Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Qusar Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Mübarizə və vətənpərvərlik ruhunun qələbəsi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirlərdə bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail olub. Diqqətə çatdırılıb ki, Aprel döyüşləri tarixi hadisə kimi qələbəyə aparan yolun başlanğıcıdır.