İslam həmrəyliyinin təbliğində din xadimlərinin rolu müzakirə olunub
20 dekabr 2017, 08:49
Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində "İslam həmrəyliyinin təbliğində din xadimlərinin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Asif İmanlı, QMİ-nin bölgə qazısı Qəni Axundzadə və mütəvəllilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin bölgə qazısı Qəni Axundzadə çıxışında ölkəmizdəki dövlət din münasibətlərinin, tolerant və həmrəylik mühitinin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam həmrəyliyinin təbliğində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Q.Məmmədov Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünün tarixi hadisə kimi mühüm əhəmiyyəti olduğunu qeyd edib.
Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Asif İmanlı çıxışında bu gün müsəlman dünyasında vəhdət və həmrəyliyi gücləndirmək üçün əməli addımlara ehtiyac olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.