İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır
28 avqust 2017, 09:21
Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, QMİ-nin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Əliyulla Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ə. Məmmədov dini radikalizmə qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruriliyini xüsusi qeyd edib.
QMİ-nin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi M.Qasımov İslam həmrəyliyinin həm dini, həm də milli-mənəvi dəyərimiz olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin heç də təsadüfi olmadığını, İslam həmrəyliyinin sabitliyin, tolerantlığın və əmin-amanlığın göstəricisi olduğunu vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Sultanov bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsasında zəngin milli-mənəvi dəyərlərimiz dayanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.