İslam həmrəyliyinin Azərbaycan modeli dünyada nümunədir
15 avqust 2017, 07:49
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş rayon Aşağı Nemətabad məscidi dini icması tərəfindən avqustun 15-də “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində Aşağı Nemətabad kənd orta məktəbində “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdaş rayon Aşağı Nemətabad məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, Ağdaş RİH başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tutu Qasımova, kənd orta məktəbinin direktoru Gülnarə Kazımova, eləcə də məktəbin müəllim, şagird heyəti, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Kənd orta məktəbinin direktoru Gülnarə Kazımova çıxışında xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra mövzu ilə bağlı Aşağı Nemətabad məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov çıxış edib. İcma sədri çıxışında dövlət tərəfindən dini icmalara yaradılan bərabər şəraitdən bəhs edib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyada nümunə kimi qəbul edilməsindən bəhs edib, bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Rahib İbrahimov, həmçinin bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlərin həm ölkə daxilində, həm də ölkə xaricində təbliğinin sürətlənməsinə gətirib çıxarıb.
Daha sonra mövzu ilə bağlı Ağdaş RİH başçısının Aşağı Nemətabad kənd izibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tutu Qasımova və icmanın dini ayinlər icraçısı Nurməhəmməd Məmmədov çıxış ediblər.