İslam həmrəyliyi sülh və inkişafa təminatdır
22 avqust 2017, 07:04
Avqustun 22-də Lənkəran rayonu Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev, Kiçik Qızılağac Balıqartırma təsərrüfatının direktoru Dadaş Abasov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən  İslam həmrəyliyi təşəbbüsünün sülhə, həmrəyliyə və inkişafa  töhfə olduğunu bildirib. Q.Məmmədov bütün dünyaya həmrəylik mesajları verən ölkəmizin İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını vurğulayıb.
Kiçik Qızılağac Balıqartırma təsərrüfatının direktoru Dadaş Abasov çıxışında İslam dininin birlik, bərabərlik və mərhəmət dini kimi mədəni və mənəvi dəyərlərlə zəngin olduğunu bildirib.
Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev, məscidin axundu Cəmil Bədəlov çıxışlarında İslam həmrəyliyinin insanları irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq birliyə səslədiyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.