“İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib
22 avqust 2017, 07:09
Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Türkan qəsəbəsi “Türkan bağları” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Hatəm Gülməmmədov, “Türkan bağları” məscidi dini icmasının sədri Rafiq Əliyev, məscidin axundu Elman Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri R. Əliyev humanist dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini qeyd edib, dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin, müsəlmanlar arasındakı vəhdətin, birliyin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov ölkəmizdə tarix boyu digər xalqlara və millətlərə, onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıldığını, Azərbaycanın İslam həmrəyliyinin qorunmasında və inkişafında nümunəvi ölkələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov İslam dininin bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını, onlarla dialoqa, əməkdaşlığa önəm verdiyini bildirib.
Vəhdət barəsində Qurani Kərimin bəzi ayələrini şərh edən “Türkan bağları” məscidinin axundu E.Məmmədov dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.