İslam həmrəyliyi məzhəblərarası dialoqa mühüm töhfədir
29 avqust 2017, 08:39
Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara şəhər “Qum” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” layihəsi çərçivəsində maarifləndirici təşkil olunub.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, “Qum” məscidi dini icmasının sədri, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə qarşıdan gələn Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. T.Həsənzadə layihə haqqında məlumat verərək, ölkəmizdə mövcud olan həmrəylik mühitinin, tolerant yaşam tərzinin və multikultural münasibətlərin digər ölkələr üçün nümunəvi xarakter daşıdığını bildirib.
“Qum” məscidi dini icmasının sədri İlqar Həsənov həyata keçirilən layihənin mühüm əhəmiyyəti olduğunu bildirib. O, ölkəmizdə tarixən birlik, vəhdət və həmrəylik münasibətlərinin mövcudluğundan və bu dəyərlərin qorunub saxlanılmasının vacibliyindən danışıb.
Astara rayon Siyakü kənd məscidi dini icmasının sədri Səttar Həbibov dövlətin dinə qayğısının dindarlar tərəfindən yüksək hörmət və ehtiramla qarşılandığını, İslam həmrəyliyinin məzhəblərarası dialoqa mühüm töhfə olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.