İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşıdır
30 avqust 2017, 09:01
Avqustun 30-da Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, rayon ziyalıları, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva layihənin əhəmiyyəti haqqında məlumat verib.
İcma sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxışında ölkəmizdə mövcud olan tolerantlıq mühitindən bəhs edib. Natiq onu da vurğulayıb ki, İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşıdır.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.