“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
07 aprel 2017, 08:10
Aprelin 7-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
“İslam Həmrəyliyi İli” “Multikulturalizm ili”nin məntiqi davamıdır” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Aslan Sultanov, məktəbin direktoru Əliyusif Əliyev, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 194 nömrəli tam orta məktəbin direktoru Əliyusif Əliyev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov çıxışının əvvəlində 2016-cı il aprel hadisələrində şəhid olanlara Allahdan rəhmət diləyərək ailələrinə dərin hüznlə başsağlığı verib. Daha sonra A.Sultanov mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edib. Bildirilib ki, günümüzdə İslam həmrəyliyi radikalizmə qarşı ciddi mübarizə metodudur. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunan natiq hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə bu gün dünyada “Multikulturalizmin Azərbaycan örnəyi”nin mövcud olduğunu qeyd edib. P.Əlizadə Azərbaycanın İslam ölkəsi kimi bu gün dini tolerantlığa hər zaman sadiq qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.