“İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfrans keçirilib
17 avqust 2017, 10:00
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfrans təşkil edib.
Konfransda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, dinşünaslar, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər iştirak ediblər.
Konfransda dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb. Sədr müavini İslam həmrəyliyinin irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səslədiyini bildirib.
Gündüz İsmayılov Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməklə İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışdır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur: “İslam dininin adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla maraqlı dairələrin dəyirmanına su tökürlər. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi  qələmə verilməsinə  zəmin yaradırlar”- deyə  qeyd edib. Əliheydər Zülfüqarovun sözlərinə görə, bu  cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi barədə danışan Əliheydər Zülfüqarov vurğulayıb ki, İslam dünyasında  bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları  var, ayrı-ayrı müsəlman ölkələri arasında da qarşıdurmalar mövcuddur. Bunlar bəzən təriqət, məzhəb fərqliliyi fonunda ortaya çıxır. Azərbaycan isə bütün müsəlman ölkələri  ilə  eyni  səviyyədə xoş və  dostyana münasibətlərə malikdir. Məhz buna görədir ki, Azərbaycan İslam dünyasında özünün barışdırıcı, sülhpərvər mövqeyi ilə nümunədir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev dövlət-din münasibətlərinin mövcud durumunun cəmiyyətdə mənəvi sabitliyin göstəricisi olduğunu vurğulayıb.  F.Nurullayev qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin tolerantlıq prinsiplərinə, multikultural ənənələrə bu gün də sadiq qalmasının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev məruzəsində “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbulunun ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən etdiyini, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirmək məqsədindən irəli gəldiyini bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov çıxış edərək dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.
Konfrans işini iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdirib.