“İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusu müzakirə edilib
25 avqust 2017, 09:00
Avqustun 25-də Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasında “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi”layihəsi çərçivəsində “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasının sədri Cahangir  Məhəmmədiyevdini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icmasının sədri Cahangir  Məhəmmədiyev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından bəhs edərək humanist dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini qeyd edib. Daha sonra o, dini radikalizmə qarşı mübarizədə müsəlmanlar arasındakı vəhdətin və birliyin gücləndirilməsində İslam həmrəyliyinin əhəmiyyətindən  danışıb.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İslamın sülh və qardaşlıq dini olmasından, ölkə rəhbərinin islami dəyərlərə verdiyi önəm və bu münasibətlə  bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
Daha sonra çıxış edənlər bərabərlik dini olan İslam dininin insanları birliyə, həmrəyliyə çağırdığını qeyd edərək Dövlət Komitəsi tərəfindən həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini  yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.