İSESCO ilə münasibətlər İslam həmrəyliyinin real nümunəsidir
10 fevral 2017, 01:30
İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – İSESCO-nun dünyada nüfuzu getdikcə artır. Hazırda İSESCO İslam ölkələrində genişmiqyaslı layihələr reallaşdırır. İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında bu təşkilatın xidmətləri böyükdür. Azərbaycan da İslam dünyasının inkişafda olan ölkələrindən biri kimi bu təşkilatla sıx əməkdaşlıq edir.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi kimi, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. İSESCO-nun Azərbaycanla belə yüksək səviyyəli münasibətləri də məhz buradan qaynaqlanır.
Bu gün İSESCO İslam dünyasını birləşdirmək istiqamətində çox uğurlu addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun müasir dövr üçün mühüm əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamışdır: “İSESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. İSESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da İSESCO-nun öz yeri var. Son illər ərzində baş direktor cənab əl-Tuveycrinin rəhbərliyi ilə İSESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.”
Qeyd edək ki, Azərbaycan 1991-ci ildən İSESCO-nun üzvüdür. Həmin ildən qurulmuş münasibətlər respublikamızın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İslam ölkələrinin daxil olduğu bu təşkilatın yüksək adına layiq görülmüş ilk qadındır.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə bildirmişdır. Bunun səbəbi isə Azərbaycanın islami dəyərlərə hörmətlə yanaşması olmuşdur. Qarşılıqlı etimadın nəticəsidir ki, bu təşkilat mühüm əhəmiyyətli bir sıra tədbirləri məhz Bakıda keçirmişdir. Bu baxımdan “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri elm və təhsil nazirlərinin VI konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı Sammiti (26-27 aprel 2010-cu il) və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları xüsusilə qeyd edilməlidir.
İSESCO Azərbaycanın uğurlarının beynəlxalq miqyasda təbliğinə xüsusi önəm verir. Təşkilatın aylıq jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılır. Qarabağ problemi ilə bağlı jurnalda mütəmadi olaraq yazılar dərc olunur. Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasında təşkilatın xidmətləri böyükdür.
İSESCO-nun regional ofisi tərəfindən 2004-cü ilin noyabr ayında Bakı şəhərində “Qloballaşma və onun müsəlman ölkələrində iqtisadi və mədəni sahələrə təsiri” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSESCO tərəfindən təşkil olunmuşdu. Simpoziumda bir sıra qlobal məsələlərə aydınlıq gətirilmiş, müsəlman dünyasında təhsil problemləri barədə təqdimatlar olmuşdur. İSESCO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gələcək perspektivlər” mövzusunda 2011-ci ildə keçirilən beynəlxalq tədbirdə təhsillə bağlı bir sıra məsələlərin müzakirəsi aparıldı və həlli yolları müəyyənləşdirildi.
2012-ci il fevralın 24-də Xocalı soyqırımının 20 illiyi ilə bağlı tədbirin hazırlanması və keçirilməsi ilə bağlı Ə.O.əl-Tuveycrinin göstərdiyi səylər və onun mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə qeyd edilməlidir. Bakıda keçirilmiş “23-cü Krans Montana illik forumu”nda iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində Ə.O.əl-Tuveycri respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Mehriban xanım Əliyeva İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edilmişdir.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı zamanı isə Ə.O.əl-Tuveycri Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim etmişdir. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru deyib: “İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır”. Həqiqətən də, bu gün Azərbaycanın İSESCO ilə münasibətləri İslam dünyasına əsl mənada nümunədir.
İSESCO-nun baş direktoru Ə.O.əl-Tuveycri Azərbaycan Respublikası, İSESCO və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans”da (18-19 mart 2013-cü il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında, Bakı Beynəlxalq Humanitar forumlarında iştirak etmək məqsədilə ölkəmizdə səfərlərdə olmuşdur. Bu səfərlər qarşılıqlı əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış, əlaqələrin daha da sürətlənməsinə güclü stimul yaratmışdır.
İSESCO bir sıra layihələrin reallaşmasında da əhəmiyyətli rol oynamışdır. Bu təşkilatın rəhbərliyinin təşəbbüsü ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir.
Azərbaycandakı tolerantlıq mühiti, multikulturalizmə, İslam dəyərlərinə, müsəlman adət-ənənələrinə sədaqət İSESCO ilə münasibətlərə təsir edən mühüm amillərdir. 2017-ci ilin Azərbaycanda
“İslam həmrəyliyi ili” elan olunması bu münasibətlərə yeni stimul verəcəyi şübhəzizdir.
M.MÜKƏRRƏMOĞLU