“İnsan Hüquqları Aylığı” çərçivəsində Salyan və Ağsuda tədbirlər təşkil olunub
05 iyun 2026, 11:55

“İnsan Hüquqları Aylığı” çərçivəsində Salyan və Ağsu rayonlarında Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
İyunun 3-də Salyan rayonunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, Rayon İcra Hakimiyyətinin əməkdaşı Sevinc Səmədova, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İyunun 4-də Ağsu şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbdə təşkil olunan tədbirə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, müəllimlər və şagirdlər qatılıblar.

Çıxışlarda dini dözümlülük, multikultural dəyərlər və insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafındakı əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, müxtəlif din və mədəniyyətlərə hörmətlə yanaşmağın təşviqində mühüm rol oynayır. Natiqlər Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edərək, ölkədə bütün dini icmaların hüquq və azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıblar. Həmçinin gənclər arasında qarşılıqlı hörmət, birgəyaşayış mədəniyyəti və vətəndaş həmrəyliyi prinsiplərinin təbliğinin vacibliyi qeyd olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.