İyunun 9-da “İnsan Hüquqları Aylığı” çərçivəsində Şabran şəhər Tofiq Abbasov adına 1 saylı tam orta ümumtəhsil məktəbində "İnsan hüquqları kontekstində etiqad azadlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, bölmənin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əhmədov, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.
Çıxışlarda insan hüquq və azadlıqlarının təmin olunmasında etiqad azadlığının mühüm yer tutduğu vurğulanıb. Bildirilib ki, Azərbaycanda vicdan və dini etiqad azadlığı Konstitusiya ilə qorunur, dövlət tərəfindən bütün dini konfessiyalara bərabər münasibət göstərilir. Natiqlər ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Tədbirdə etiqad azadlığının insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğu, bu sahədə gənclərin maarifləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.