İmişlidə maariflədirmə tədbiri keçirilib
06 avqust 2025, 08:00

Avqustun 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli rayonunda “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı və məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Regional Gənclər və İdman İdarəsi, İmişli rayon Heydər Əliyev Mərkəzi və  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ilə birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Gənclər və İdman İdarəsinin sektor müdiri Ceyhun Abdulov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Ağacanov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Xalid Dəmirov, eləcə də Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak ediblər.

Çıxışlarda dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkilib. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduğu, Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğu vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.