İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: tarix ənənə və hüquq müstəvisində” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşları, İmişli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rüfət Muradov, İmişli rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi polis polkovnik-leytenantı Cavid Vəliyev, İmişli rayonunda fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri və rayon ziyalıları iştirak ediblər.
Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğu, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.