Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını ziyarət edib, Pravoslav Dini Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Ziyarət çərçivəsində qonaqlara kilsənin tarixi, memarlıq xüsusiyyətləri, dini icmanın fəaliyyəti, eləcə də həyata keçirilən sosial və maarifləndirici layihələr barədə ətraflı məlumat verilib.
Görüş zamanı Yepiskop Aleksiy ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitinin əhəmiyyətindən bəhs edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bütün dini icmalara bərabər münasibət göstərilir, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, ibadət yerlərinin qorunması və bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilir. O, dövlət tərəfindən pravoslav icmasına göstərilən diqqət və qayğının dini azadlıqların təmin olunmasının bariz nümunəsi olduğunu qeyd edib.
İctimai Şura üzvləri çıxışlarında Azərbaycanda formalaşmış dövlət-din münasibətlərinin nümunəvi xarakter daşıdığını xüsusi vurğulayaraq bildiriblər ki, ölkəmizdə dini müxtəliflik milli sərvət kimi qorunur və bu sahədə həyata keçirilən siyasət beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Mövcud sabit və sağlam dini mühit yalnız hüquqi baza ilə deyil, eyni zamanda dövlətin ardıcıl siyasi iradəsi, cəmiyyətin mənəvi dəyərlərə bağlılığı və qarşılıqlı hörmət ənənələri ilə şərtlənir.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.