İyunun 21-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib.
Dini qurumların və digər ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq qeyd edib ki, Ulu Öndərimiz dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədilə 2001-ci ilin iyun ayının 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. DQİDK sədri vurğulayıb ki, bu gün keçirilən konfransda Komitənin keçdiyi 22 illik inkişaf yoluna bir daha nəzər salınacaq.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır. Komitə sədri, həmçinin DQİDK-nın fəaliyyətinin genişləndirilməsi, işgüzar kollektivin formalaşması və ixtisaslı kadr potensialı ilə gücləndirilməsinin önəmi barədə danışıb. Qeyd edilib ki, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, multikultural və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərən Dövlət Kоmitəsinin texniki heyət də daxil olmaqla 179 ştat vahidi mövcuddur. Əsasən gənclərdən ibarət olan DQİDK kollektivinin bu günə qədər 43 əməkdaşı dövlət başçısı tərəfindən medallarla təltif ediliblər. 47 əməkdaşı ilahiyyat, dinşünaslıq ixtisasları üzrə təhsil alıblar, 6 nəfərin fəlsəfə üzrə doktor elmi dərəcəsi var. Komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu 71, Mənəvi Dəyərlərin Təbliği Fondu isə 15 nəfər əməkdaşla fəaliyyət göstərir.
Çıxışında, həmçinin böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsinə toxunan Komitə sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və dini abidələrin bərpası işi dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir.
Daha sonra Komitənin yaradılmasının 22 illiyi ilə bağlı kollektivi təbrik edən M.Qurbanlı qarşıda duran vəzifələrdən danışıb.
Sədr müavini Gündüz İsmayılov təqdimatla çıxış edərək, DQİDK-nın həm 22 ildə keçdiyi yola, həm də bu günün reallıqları çərçivəsində üzərinə düşən vəzifələrə diqqəti çəkib. Qurumun insan resursları sahəsində statistik məlumatlarını bölüşən sədr müavini Komitənin iş yükü və səlahiyyətlərinin artırılması səbəbilə əməkdaş sayının çoxaldılmasının zamanın tələbi olduğunu deyib. G.İsmayılov çıxışında dini qurumlarla işin qurulması, onların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının aparılması, dini maarifləndirmə fəaliyyətinin təşkili, beynəlxalq, eləcə də ictimaiyyətlə əlaqələrin inkişafı və digər sahələrlə yanaşı, Komitə tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun bu illər ərzində gördüyü işlərə toxunub. Bildirib ki, müxtəlif qurumlarla cari il ərzində 172 maarifləndirmə tədbiri keçirilib ki, bunlardan 55-i hüquq-mühafizə orqanları ilə birgə təşkil edilmiş tədbirlərdir. G.İsmayılov, həmçinin İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikasını açıqlayıb. Onun sözlərinə görə, ilk vakansiya elanı zamanı ümumilikdə 270 nəfərin sənədi qəbul edilib və onlardan 133-ü müsahibədən keçib. Müvəffəqiyyət qazananların 112-i müvafiq vəzifələrə təyinat alıb. Təşkil edilən ikinci müsahibə zamanı isə 254 namizəddən 66-ı müsahibədən keçib və 55 nəfəri rəsmi din xadimi kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində 181 din xadimi işindən uzaqlaşdırılıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı Dövlət Komitəsinin öhdəsinə düşən vəzifələri ötən 22 il ərzində yüksək səviyyədə həyata keçirdiyini bildirib. Dövlət Komitəsi və QMİ arasındakı uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkən Q.Cavadlı din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması, habelə tolerant və multikultural dəyərlərin ölkə hüdudlarından kənarda təbliği baxımından Komitənin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.
Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov həyata keçirilən layihələrin önəmindən danışıb. Tolerant, multikultural dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bundan sonra da qarşılıqlı əlaqələrin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev DQİDK kollektivinin ideoloji sahədə yüksək peşəkarlıqla çalışaraq ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin daha da inkişafında bacarıqlarını əsirgəmədiklərini bildirib. Həmçinin DQİDK və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təmsil etdiyi quruma göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov DQİDK-nın fəaliyyətindən bəhs edərkən dövlət başçısının bu sahəyə xüsusi diqqətinin təzahürü olaraq 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Komitə tabeliyində Aİİ-nin yaradılmasının və institutun yeni tədris binası ilə təmin olunmasının önəmini qeyd edib. Aİİ ilə Komitə arasındakı sıx kommunikativ fəaliyyətə də toxunan rektor bildirib ki, dini təhsil sahəsindəki boşluqların aradan qaldırılması, İnstitutun işinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətlərində Komitə kollektivi heç bir zaman dəstəyini əsirgəmir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkə rəhbərliyinin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanıldığını nəzərə çatdıraraq bu sahənin inkişafına DQİDK-nın layiqli töhfələr verdiyini deyib.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Dövlət Komitəsinin dini qurumların işinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə diqqət çəkərək, dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22-ci ildönümünü ilə bağlı Dövlət Komitəsində qulluq keçən və xidmətdə fərqləndiyinə görə Komitə sədrinin əmri ilə təltif olunan əməkdaşlara “Fəxri Fərman”lar təqdim edilib.