Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq hərbi hissələrdə silsilə tədbirlər keçirilir.
İyulun 19-da Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə "İslamda insan həyatının dəyəri" mövzusunda keçirilən tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, hərbi hissənin İdeoloji iş və Mənəvi-psixoloji təminat bölməsinin zabiti Fuad Rəhimov, Uğurbəyli kənd məscidinin icma sədri Səbuhi Hacıyev və şəxsi heyət iştirak edib.
Bakı şəhəri Səngəçal qəsəbəsində yerləşən N” saylı hərbi hissədə də maarifləndirmə tədbiri keçirilib. “İslamda insan həyatının dəyəri” mövzusunda keçirilən tədbirdə Dövlət Komitəsinin Dini maaarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Aslan Həibov və şəxsi heyət iştirak edib.
Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Ağcabədidə “Şəxsi heyətin vətənpərvərlik ruhunun və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi” mövzusunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi şəhər “Cümə” məscidinin imam müavini Zaur Məmmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin hərbi hissələrdə keçirilməsinin əhəmiyyəti vurğulanıb. İslam dinində Vətəni qorumağın müqəddəs hesab olunduğu diqqətə çatdırılıb. Cəmiyyətdə, xüsusən də gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruri olduğu vurğulanıb, torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın həyatından nümunələr gətirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.