Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən regional bölmələri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri ilə birgə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə maarifləndirici tədbirlər keçirilib.
İyunun 24-də DQİDK-nın Mərkəzi Aran regional bölməsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsində ordu və dəyərlərin rolu” mövzusunda tədbir təşkil edilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidli, “İmam Rza” məscidinin imam müavini Elçin Tağıyev, hərbi hissə komandirinin müavini Qorxmaz Mehdiyev, eləcə də zabit və əsgər heyəti iştirak edib.
İyunun 24-də DQİDK-nın Mil-Muğan regional bölməsi və Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Milli-mənəvi həmrəyliyimiz və Vətən sevgisi” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, bölmənin əməkdaşları, Qarallar məscidinin imamı Səbuhi İbadov və şəxsi heyət iştirak edib.
İyunun 25-də isə Göygöl şəhərində yerləşən “N” saylı hərbi hissədə “Milli-mənəvi həmrəyliyimiz və Vətən sevgisi” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov və şəxsi heyət iştirak edib.
Çıxışlarda müstəqilliyimizin dayanıqlı təminatının qüdrətli ordu, sarsılmaz xalq birliyi və ali vətənpərvərlik hissləri ilə birbaşa bağlı olduğu xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlər sistemimiz dövlətçilik sütunlarımızın möhkəmləndirilməsində, eləcə də gənc nəslin milli mənafelərə sadiqlik ruhunda formalaşmasında müstəsna rol oynayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin qazandığı tarihi Zəfərin xalqımızın sarsılmaz iradəsinin, qətiyyətinin və Vətənə sonsuz bağlılığının parlaq təntənəsinə çevrildiyi bildirilib. Bu şanlı qələbənin suverenliyimizin qorunmasında nizami ordunun və milli ideologiyanın fundamental əhəmiyyətini bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.