Hərbi hissədə maarifləndirici tədbir keçirilib
16 may 2025, 09:29

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Daşkəsəndəki "N" saylı hərbi hissədə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı Əsəd Seyidov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər. 
Çıxışlarda dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə ətraflı məlumat verilib. Radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.