Hacıqabulda “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
13 may 2022, 08:08

Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə  təşkilatçılığı ilə Hacıqabul rayonunda “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, Hacıqabul UADM-nin rəhbəri Aynur Əsədova, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edib.

İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər ailə dəyərindən, mili-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, uşaqların vətənpərvər ruhda tərbiyə edilməsindən bəhs ediblər. Qeyd edilib ki, sağlam ailə sağlam gələcək deməkdir. Buna görə də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, nümunəvi ailələr təbliğ olunmalı, yeni ailə quracaq gənclər bu sahədə maariflənməlidirlər. Eyni zamanda, DQİDK-nın əməkdaşı Alpay Şərifli bildirib ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondumuzun daşıyıcısı kimi mühüm rol oynayıb. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövründə ehtiyac duyduğu ən ali dəyərdir.