Hacıqabulda “Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib
04 may 2023, 09:03

May ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi (DQİDK), Hacıqabul Rayon Heydər Əliyev Mərkəzi, Rayon İcra Hakimiyyəti (RİH), Uşaq və Ailələrə Dəstək Mərkəzi, eləcə də Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın əməkdaşı Sadiq Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Hacıqabul RİH-in nümayəndəsi Natiq Əhmədov, Tarix Diyarşünaslıq muzeyinin rəhbəri Bahar İsaqova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova, Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbaliyeva və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlar zamanı görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən, xalqımız qarşısındakı tarixi xidmətlərindən, gənc nəslin formalaşması üçün yaratdığı sağlam mühitin mahiyyətindən və “Heydər Əliyev ili” çərçivəsində keçirilən layihələrdən, görülmüş işlərdən bəhs edilib.

Tədbirin sonunda “Dahi Şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.