Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iyunun 7-də Tbilisi Ruhani Akademiyasında olublar.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, xüsusən də dini qurumlar arasında əməkdaşlıq, dini təhsil, dövlət-din münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Rektor Giorgi Zviadadze Azərbaycan və Gürcüstan arasındakı əlaqələrdən danışıb, hər iki ölkənin dövlət və hökumət başçıları, dini liderləri arasındakı dostluq münasibətləri nəticəsində əlaqələrimizin daha da inkişaf etdiyini və möhkəmləndiyini bildirib.
Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin səyləri nəticəsində qədim tarixə malik olan münasibətlərimiz yeni müstəvidə inkişaf edib.
Bakıya səfərlərini xatırladan G.Zviadadze Azərbaycanın tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz vəsaiti hesabına Sinoqoq inşa etdirməsi buna parlaq misaldır.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev ölkəmizdə dövlət-din münasibətləri, dini təhsil, tolerantlıq mühiti barədə ətraflı məlumat verib. Dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlarımızın Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyini vurğulayıb. Bunu tolerantlığın bariz nümunəsi adlandırıb. Bildirib ki, erməni vandalları işğal etdikləri ərazilərdəki məscidləri, eləcə də xristian dini abidələrini dağıdıb, viran qoyublar. Azərbaycan dövləti onların hamısının bərpası istiqamətində müəyyən tədbirlər görür.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə dini təriqətlərin tam azad və sərbəst fəaliyyət göstərmələri, onların hamısına dövlətimiz tərəfindən maliyyə yardımının ayrılması barədə məlumat verib.
Rektor, həmçinin institutun fəaliyyəti, beynəlxalq əlaqələri, Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi Ruhani Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.
Nümayəndə heyəti Dini Məsələlər üzrə Dövlət Agentliyində də olub. Görüşdə Agentliyin nümayəndələri qonaqlara Gürcüstan dövlətinin dini siyasəti, bu sahədə mühüm dəyişikliklər və yeni çağırışlar haqqında hərtərəfli məlumatlar veriblər. Həmçinin həyata keçirilən layihələr, sovet dövründə dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün dini qurumların maliyyələşdirilməsi, məscidlərə statusun verilməsi və digər mühüm mövzular barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb. Görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında din sahəsində münasibətlərə dair məsələlər müzakirə olunub. Həmçinin iki ölkənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında mümkün əlaqələrin gücləndirilməsi, eyni zamanda Gürcüstanın Ruhani Akademiyası və Azərbaycanın İlahiyyat İnstitutu arasında memorandumların imzalanması məsələsi də nəzərdən keçirilib. Qeyd edək ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin məsul əməkdaşları da iştirak ediblər.
Daha sonra Tbilisidəki Alulbeyt mərkəzinin ofisindəki görüşdə iştirak edən nümayəndə heyətini Alulbeytin Gürcüstan üzrə rəhbəri Faiq Nəbiyev qarşılayıb və mərkəzin fəaliyyəti barədə onlara məlumat verib.
Görüşdə Azərbaycan Gürcüstan əlaqələri, ölkədəki dini və ümumi vəziyyət müzakirə olunub. Səmimi mühitdə davam edən görüş zamanı Hacı Faiq Nəbiyev qonaqlara, qonaqlar da ona hədiyyə təqdim ediblər.
AZƏRTAC