Gündüz İsmayılov: “Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır”
13 iyul 2023, 06:55

İyulun 13-də Lənkəranda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirib.

Konfransın ikinci günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini Mikayıl Cəfərzadə, təhsil ictimaiyyətinin nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Mikayıl Cəfərzadə dinə dövlət qayğısından danışaraq vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun bir çox dini-tarixi memarlıq abidələri əsaslı şəkildə yenidən qurulub.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyətinin dini etiqad, vicdan azadlığının təmin edilməsi olduğunu qeyd edib. Bildirib ki, bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir. “Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb” – deyə, sədr müavini əlavə edib.

Dövlətin dinə və dindarlara qayğısından da bəhs edən G. İsmayılov deyib ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Natiq yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliğinin mühüm rol oynadığını da qeyd edib. Onun sözlərinə görə, ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır və dinin siyasiləşdirilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə ölkəmizdə hökm sürən dövlət-din siyasətinə diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir, respublikamız dünyaya multikulturalizm ixrac edən ölkə kimi tanınmaqdadır. C.Paşazadə Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə möhkəm əsaslar üzərində qurulmuş sabit dövlət-din münasibətlərinin daha da inkişaf etdirilməsi,  din sahəsində vəhdətin, tolerant münasibətlərin və dinlərarası dialoqun təmin olunması istiqamətində görülən işlərdən bəhs edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev, Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımov mövzu ilə bağlı fikirlərini bölüşərək milli-ideoloji cəhətdən dövlətimiz və cəmiyyətimiz üçün mühüm strateji əhəmiyyət kəsb edən dini-ideoloji sahədə mövcud problemlər və əldə edilən uğurlardan danışıblar.

Konfransın işi müzakirələrlə davam etdirilib.