Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Milli Mətbuat Günü ərəfəsində media nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil edir və bu, artıq ənənə halını alıb. Bu gün media nümayəndələri ilə birlikdə Qusarda müzakirə edəcəyimiz əsas mövzu dini sabitliyin qorunmasında birgə məsuliyyətə həsr olunub. Başqa sözlə, bu gün din mövzusu, xüsusilə rəqəmsal mühitdə ən aktual mövzulardan biridir. Buna görə də sabitliyin qorunması baxımından media ilə dini qurumların, o cümlədən dini icmaların və din xadimlərinin sıx əməkdaşlığı, birgə fəaliyyəti zəruridir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
O qeyd edib ki, konfrans çərçivəsində media tur da nəzərdə tutulub. "Bilirsiniz ki, şimal bölgəsi Azərbaycanın tolerantlıq və multikulturaliz modeli sayıla biləcək regiondur. Bu coğrafiyada müsəlmanlar, xristianlar, həm də yəhudi icması yaşayır. Konfrans çərçivəsində media nümayəndələri həm məscidlərdə, həm sinaqoqlarda din xadimlərinin fəaliyyəti, ümumilikdə isə bu ibadət evlərinin fəaliyyəti ilə tanış ola biləcəklər. Əsas məqsədimiz həssas sahə olan dini məsələlərin rəqəmsal mediada, bütövlükdə mətbuatımızda hansı kontekstdə müzakirə edilməli olduğunu və bu istiqamətdəki incə məqamları nəzərdən keçirməkdir. Eyni zamanda, məsuliyyətdən doğan bu həssaslığın və obyektivliyin sərhədlərini birlikdə müəyyənləşdirməyə çalışacağıq”, - deyə sədr müavini söyləyib.
AZƏRTAC