Gündüz İsmayılov: “Atılan addımlar cəmiyyətin maraqlarına cavab verir”
09 dekabr 2015, 03:24

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylovun "Kaspi" qəzetinə müsahibəsi

 

 

 

-Gündüz müəllim, dekabrın 4-də Milli Məclis “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun layihəsini qəbul edib. Dekabrın 5-də isə sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. İndiyə kimi bu sənədin hazırlanması istiqamətində hər hansı iş gedirdi, yoxsa Nardaran hadisələrindən sonra aktuallıq kəsb etməyə başladı?
 
-Ümumiyyətlə, cəmiyyətin inkişaf dinamikası, sosial sifarişin təsiri ilə qanunvericilik sistemində müəyyən təkmilləşdirmələrin aparılması, yeni qanunların işlənib hazırlanması normal haldır. Ölkəmizdə də bu amillər, həmçinin, dünyada gedən proseslər nəzərə alınaraq, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatlar həmişə aparılıb və bu bütün dünyada da belədir. 
Ölkəmizdə din sahəsində vəziyyət digər ölkələrlə müqayisədə xeyli qənaətbəxşdir. Amma bu bizim dini ekstremizm və bununla bağlı digər mənfi təzahürlərdən sığortalanmağımız demək deyil. Sürətlə dəyişən və qloballaşan dünyada ölkələrin daxili işlərinə kənar qüvvələrin müdaxiləsi, ideoloji sahələrdə pozuculuq fəaliyyəti aparması  üçün müəyyən imkanlar var və bu imkanlardan müxtəlif formalarda istifadə olunur. Bunu nəzərə alaraq, mənim fikrimcə, son hadisələrin Milli Məclis tərəfindən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun layihəsinin qəbul edilməsinə birbaşa təsirindən daha çox bu prosesi müəyyən qədər sürətləndirdiyini desək, daha düzgün olar.
 
-Belə bir Qanunun hazırlanmasını və qəbulunu zəruri edən səbəblər nədən ibarətdir? Yeni Qanunun əsas hədəfləri nədir?
 
-Bildiyiniz kimi, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm ənənələrinin qorunması və inkişafı, fərqli dini inanclı vətəndaşlarımızın qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayışı üçün həm qanunvericilik, həm də ictimai münasibətlər baxımından əlverişli mühitin yaradılması Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Ölkəmizdə müxtəlif dini etiqada mənsub vətəndaşlar olduğu kimi, dindar olmayan, dini həyat tərzi keçirməyən kifayət qədər insanlar var. Belə cəmiyyətdə dövlətin üstqurum kimi müxtəlf sosial qruplar arasında münasibətləri ədalətli şəkildə tənzimləməsi üçün heç bir dini etiqada üstünlük verilməməlidir. Eyni zamanda cəmiyyətdə qeyd etdiyim bu nüanslara təhlükə törədə biləcək tendensiyalar və təşkilatlanmaların qarşısı qətiyyətlə alınmaılıdır.  Dindən siyasi məqsədlər üçün istifadə etmək, onu əsl mahiyyətindən fərqli müstəvilərə keçirmək cəhdləri dövlətin öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsini zəruri edir.
Sualınızın ikinci hissəsinə gəldikdə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsaslarının, habelə ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsi əsas hədəflər kimi müəyyən edilmişdir.
 
-Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələri də eyni dərəcədə bu Qanun qarşısında məsuliyyət daşıyacaqlarmı? Yəni, qadağalar yalnız İslam dininin daşıyıcıları üçün deyil, bütün dini inanclı insanlar üçündürmü?
 
-Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və sair formalarda özünü göstərə bilir.  Dini ekstremizm anlayışını təkcə İslam dini ilə əlaqələndirmək də kökündən yanlışdır. Demək olar ki, tarix boyu  bütün dinlərin daşıyıcıları arasında ekstremizm hallarına rast gəlinmişdir. Ona görə də bu Qanunun hər hansı dinə və yaxud təriqətə qarşı qəbul edilməsindən söhbət gedə bilməz.
 
-Parlamentdə dəyişiklik edilmiş qanunlardan biri də “Dini etiqad azadlığı haqqında” Qanundur. Bu dövlət sənədindəki dəyişikliyin mahiyyəti nədən ibarətdir?
 
-Qəbul edilmiş dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. Eyni zamanda, Qanunun 21-ci maddəsində edilmiş digər bir dəyişikliyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Əgər əvvəllər həm Azərbaycanda, həm də xaricdə dini təhsil alan şəxslər tərəfindən ayin və mərasimləri aparılması mümkün idisə, Qanuna edilmiş dəyişiklikdən sonra bu, qadağan edilir. Eyni zamanda, Qanunun bu müddəası onun qüvvəyə mindiyi tarixdən əvvəlki dövrlərə aid edilməyəcək.
 
-“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçiriləcək. Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına da İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilib. Bunu zəruri edən səbəblər nə idi?
 
-Dini təhsil almaq üçün xaricə ölkələrə gedən və yaxud məqsədli şəkildə aparılan şəxslər əksər hallarda geri qayıdarkən olduqları ölkələrin dövlət-din münasibətlərini, həmin cəmiyyətin dini dünyagörüşünü, adət-ənənələrini, həyat tərzlərini vətənimizə daşımağa cəhd göstərirlər. Bu da öz növbəsində dünyəvi Azərbaycan cəmiyyətində istər-istəməz bir sıra problemlər, ziddiyyətlər, parçalanmalar yaradır. Nəzərə alsaq ki, belə şəxslərin çoxu məhz yeniyetmə dövründə, şəxsiyyətin formalaşmasının mühüm mərhələsində yad ideologiyaların mənfi təbliğatına məruz qalırlar, onların təsir altına düşmək ehtimalı daha yüksək olur.
Bir məqama da diqqət edək ki, bəzi ölkələr nə üçün Azərbaycana həkim, mühəndis yox, məhz din xadimi hazırlamaqda maraqlıdırlar? Din həm də ideoloji sahə olduğundan bu sahədə xüsusi nəzarətin həyata keçirilməsi vacibdir və bunun alternativi yoxdur. 
 
-Rəsmi məlumatlarda qeyd olunur ki, Azərbaycandan 3 min nəfərə yaxın şəxs xaricə gedərək dini təhsil alıb. Qanunvericiliyə dəyişiklikdən sonra onların aqibəti necə olacaq? Onlar fəaliyyətlərini hansı formada davam etdirə biləcəklər?
 
-Həmin şəxslərin digər sahələrdə işləməsinə hər hansı qadağa yoxdur. Onlar elmi fəaliyyətlə məşğul ola, dövlət və qeyri-dövlət qurumlarında işləyə bilərlər. Həmçinin, həmin şəxslər dini sahədə olan ictimai müzakirələrdə iştirak edə, KİV-də  fəaliyyət göstərə bilərlər, qanun yalnız onlar tərəfindən dini ayin və mərasimlərin aparılmasını qadağan edir.
Lakin bir məsələni də qeyd edim ki, xaricdə qanunsuz təhsil almağın yaratdığı problemlərlə bağlı  biz illərdir danışırıq və cəmiyyəti məlumatlandırırıq. Hesab edirəm ki, Qanuna edilən bu dəyişiklik cəmiyyətin mütləq əksəriyyətinin maraqlarına tamamilə cavab verir. 
 
-Azərbaycanda müasir dünyagörüşünə, zəngin elmi və dini biliyə malik din xadimi yetişdirmək üçün bütün imkanlar varmı? Yəni, Qanunla xaricdə dini təhsil alanlara müəyyən qadağalardan sonra Azərbaycan özü vətəndaşlarına dini təhsil verə bilmək gücündədirmi?
 
-Hazırda ali dini təhsilin verilməsi ilə bağlı Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi fəaliyyət göstərir. Bunlarla yanaşı, mədrəsələr, dini icmaların nəzdində müqəddəs kitabları öyrənmə kursları da dini bilgilər verir. Bu tədric ocaqlarında kifayət qədər savadlı və təcrübəli mütəxəssislər var və onların potensialından geniş istifadə edilir. Azərbaycanda cəmiyyətin tələbatını nəzərə alsaq, kifayət qədər din xadiminin hazırlanması üçün heç bir problem yoxdur. Həmçinin, dini təhsillə bağlı müəyyən güzəştlərin, o cümlədən ödənişsiz təhsilin həyata keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur.  
 
-Qanunda qadağan edilən məsələlərdən biri də ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsidir. Qanunun tələbinə görə, dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər. Bu bəndin tətbiqi nəyi dəyişəcək, nəyə xidmət edəcək?
 
-Bilirsiniz bu sahədə tənzimləmələrə ciddi ehtiyac vardı və bəzi hallarda üzərinə müxtəlif sözlər yazılmış dini bayraqların ictimai yerlərdə tətbiqinə, bəzi mərasimlərdə, qanunsuz küçə yürüşlərinin keçirilməsi zamanı təhrikedici çağırışlarda istifadəsinə rast gəlirdik. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Hesab edirəm ki, bu bəndin tətbiqi sadaladığım halların qarşısını alacaq.
Ümumiyyətlə isə, hamı bilməlidir ki, Azərbaycanın bir bayrağı var, o da dövlət bayrağımızdır.
 
-Son günlər medianın diqqətində olan məsələlərdən biri də məscidlərdə veb-kameraların quraşdırılmasıdır. Bəzi media qurumları belə bir qərarın yanlış olduğunu iddia edirlər. Onların qənaətinə görə, inanclı kəsim bu addımdan narahat olacaq, özlərini daim nəzarət altında hiss edəcək, bir növ diskomfort yaşayacaqlar. Sizcə, deyilənlər nə dərəcədə doğrudur, ümumiyyətlə, belə bir addımın atılması nə ilə əlaqədardır?
 
-Bu qısa müddətdə həyata keçiriləcək məsələ deyil. Bəzi məscidlərdə belə kameralar elə məscidlərin özlərinin təşəbbüsü ilə illərdir quraşdırılıb və bununla bağlı hər hansı neqativ hallar yaşanmayıb. Əksinə məsciddə kameraların olması elə dindarların öz təhlükəsizliyinə xidmət göstərir. Əgər kimsə qanunsuz iş görmürsə, narahat olmasına da heç bir əsas yoxdur.

"Kaspi" qəzeti,
09 dekabr 2015-ci il