Göygöldə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusu müzakirə olunub
02 mart 2022, 09:42

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl Gənclər evində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, ölkəmizdə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bildirilib ki, Azərbaycanın qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi vətənpərvərlik, şücaət və qəhrəmanlıq bu siyasətin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilib.